Maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinə daxil olan tədbirin tətbiqi müddəti uzadılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq tədbirlər həyata keçirib və bununla əlaqədar İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli qərarı ilə maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketi təsdiqlənib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və adekvat siyasət qərarları qəbul edir. İqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2021-ci il 30 sentyabr tarixli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və gələn il yanvarın 1-dək qüvvədə saxlanılıb.