MƏDƏNİYYƏT
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində gənc şairlərin şeirlər toplusunun təqdimatı olub
Bakı, 27 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində sənətə yeni başlayan Azərbaycan şairlərinin “Qəlblərimizin hissləri” şeirlər toplusunun təqdimatı olub. Tədbir “Cult Baku” klubu ilə birgə şairə Lalə Həsənova tərəfindən təşkil olunub.
Təqdimat gecəsini Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova açıb. O, qonaqları görkəmli yazıçının ev-muzeyi ilə tanış edib. Ev-muzeyi haqqında qısametrajlı filmdən sonra gecənin aparıcısı və layihənin təşkilatçısı Lalə Həsənova Azərbaycanda poeziyanın yüksək səviyyədə dəstəklənməsinin vacibliyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, poeziya toplusuna gecənin qonaqları ilə ən sevdiyi şeirlərini bölüşən 20 müəllifin əsərləri daxil edilib.
Hər bir şair layihənin onlara özlərini ifadə etmək və yaradıcılıqlarını cəmiyyət ilə bölüşmək imkanı verdiyinə görə minnətdarlığını bildirib. “Qəlblərimizin hissləri” toplusuna daxil olan müəlliflər arasında Lalə Həsənova, Günatay Hüseynova, Aytən Həsənzadə, Türkan Bayramzadə, Ləman Həsənova, Mariya Petriyenko, Bayram Məhərrəmov, Fidan Nəzərova, Timur Mirzəliyev, Aydan Allahyarova, Fidan Cəfərova, Lalə Muxtarova, Olqa Şalayeva, Lalə Əliyeva-Klıçkova, Nəzrin Hacı-Məmmədova, Zülfiyə Babayeva, Günel Mahmudova, Aysel Məhərrəmova, Nina Tişşenko, Dilarə Mehdiyeva, Arzu Manaflı olublar .
Gecədə Azərbaycanın parlaq incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Səidə Sübhi və Ələddin Yaqubov toplunun nəşr olunması münasibəti ilə müəllifləri təbrik ediblər. Məhz onların resenziyaları gənc şairlərin dəstəklənməsində mühüm rol oynayıb. Gənc istedadları dəstəkləyən Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov layihənin təşkili və reallaşdırılmasında böyük rol oynayıb. Gecədə Bakı şəhəri 3 saylı uşaq evinin direktoru Gülnarə Şəmiyeva və onun qəyyumluq etdiyi uşaqlar iştirak ediblər. Onlardan biri - Sara Mehdiyeva öz şeirləri ilə çıxış edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Lalə Muxtarova “Qəlblərimizin hissləri” toplusunun çapdan çıxması ilə əlaqədar sevinclərini bölüşməyə gəldikləri üçün iştirakçılara təşəkkür edib.
Təqdimat zamanı gənc pianoçu, Bakı Slavyan Universitetinin tələbəsi Tağı Rza musiqi nömrələri ilə çıxış edib, onun ifasında V.A.Motsartın "Türk Marşı", D.Şostakoviçin "İkinci valsı" və L.Bethovenin "Ay Sonatası"nın son hissəsi səslənib.