Mart soyqırımı Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir
İsmayıllı, 30 mart (AZƏRTAC). Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İsmayıllıda 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş yığıncaqda səslənmişdir. Çıxış edənlər əsas diqqəti 1918-ci ilin mart-aprel aylarında başda Stepan Şaumiyan olmaqla erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlara cəlb etmişlər. Qeyd olunmuşdur ki, o vaxt Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 mindən artıq günahsız soydaşımız qətlə yetirilmişdir. Tarixi Azərbaycan şəhəri olan İrəvanda 1920 azərbaycanlının evi yandırılmış, 132 min soydaşımız qətlə yetirilmişdir.
Diqqətə çatdırılmışdır ki, 1918-ci ilin mart-aprel soyqırımı İsmayıllıdan da yan keçməmişdir. O vaxt Şamaxı qəzasına daxil olan, indi isə İsmayıllı rayonuna məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürüldüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mücü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə törədilmişdir. İsmayıllının o vaxt Göyçay qəzasına daxil olan 20 kəndində törədilmiş qırğınların nəticələri isə araşdırlmamış qalmışdır.
Yığıncaqda 1918-ci ilin mart hadisələrinə əsl hüquqi-siyasi qiymətin Azərbaycanın dövlət müstəqilliyinə nail olunduqdan sonra verildiyi vurğulanmışdır. Bildirilmişdir ki, qanlı qırğından 80 il sonra ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “31 mart--Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq o qanlı hadisələr əsl qiymətini almışdır. Həmin fərman bu gün həm də erməni terrorizminə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərimizin müəyyən etdiyi bir yoldur və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolla inamla addımlayır.