Martda şimal və cənub-qərb küləkləri tez-tez bir-birini əvəz edəcək
Bakı, 1 mart, AZƏRTAC
Martda hava dəyişkən olacaq. Bu mülayim enliklərdə siklon və antisiklonların aktivləşməsi ilə bağlıdır. Tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır.
O cümlədən, səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq göstərir. Xoş, günəşli mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu mart da istisna olmayacaq. Bu ayın səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərinin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq. Ümid edirik ki, bu əhalinin bahar əhval-ruhiyyəsinə təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
“Havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək. Səhər evdən çıxanda mülayim hava şəraiti sizi aldatmasın, o gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər.
Çoxillik məlumatlara görə axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub. Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə ayın 26-da 31 dərəcə müşahidə edilib. Bu əsl yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-na keçən gecədə isə havanın temperaturu kəskin dəyişib. Həmin gün hərarət 13-18 dərəcə enib və Bakıda cəmi 0,9 dərəcə isti olub. Belə sürprizlər mart ayı üçün nadir hadisə deyil”, - deyə departamentin direktoru bildirib.