Martın 30-da Bakıda keçirilən aksiyada minlərlə ağac əkilib
Bakı, 30 mart, AZƏRTAC
Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq Bakıda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, martın 30-da ETSN-in, icra hakimiyyətinin əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxtın rayonlarının ərazisində minlərlə müxtəlifcinsli ağac tingi əkilib.
Qeyd edək ki, tinglər nazirliyin "Azəryaşlandşaft "ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və iştirak edən bütün tərəflərə minnətdarlıqlarını bildirirlər.