Masallı Xalq Teatrında şəhidlərə həsr olunmuş tamaşa-kompozisiya: “Yalnız irəli!”
Masallı, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrında 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək canlarından keçən şəhidlərin xatirəsinə həsr edilmiş “Yalnız irəli!” adlı tamaşa-kompozisiya nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yazıçı-publisist Akif Ağayevin hazırladığı ədəbi-bədii kompozisiyanı Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi təqdim edib.
Tamaşadan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra tamaşa-kompozisiyanın mövzusu və quruluşu, yaradıcı heyəti barədə məlumat verilib.
Sosial şəbəkələr vasitəsilə canlı yayımlanan kompozisiyada şəhidlərə, Vətənə həsr olunan şeirlər səsləndirilib. Tamaşanın ithaf olunduğu şəhidlərin - Sahib Şirəliyev, Cavad İbadov, Elməddin Nəzərov, Sənan Səlimov, Musa Mustafayev, Sənan Seyfullayev və Məmmədağa Bağırovun həyat və döyüş yolu, onların doğmalarının iztirabları kövrək duyğularla, obrazlı şəkildə izləyicilərə təqdim edilib.
Tamaşadan sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin valideynləri ilə görüşüb.
Tamaşa-kompozisiyanın hazırlanmasında rejissor Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev, Ruslan Zahidov və başqaları iştirak ediblər.