Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 1 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 1-də Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində məktəbli qızlar arasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş breyn-rinq intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan bilik yarışında rayonun tam orta ümumtəhsil məktəblərinin qızlardan ibarət X-XI sinif şagirdləri qələbə uğrunda mübarizə aparıblar.
Bilik yarışının sonunda Hişkədərə kənd tam orta məktəbin komandası I, Sığdaş kənd tam orta məktəbin komandası II, Mahmudavar kənd tam orta məktəbin komandası III yeri tutub.
Qalib komandaların üzvlərinə kubok, diplom və hədiyyələr təqdim edilib.
“Dəfinə” məktəb-liseyinin qızlardan ibarət komandası xüsusi fəallığına görə diplom və hədiyyə ilə mükafatlandırılıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov və rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə şagirdlərə təhsildə uğurlar arzulayıblar.
Qeyd olunub ki, breyn-rinq intellektual bilik yarışının keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.