Masallıda cüdo üzrə açıq rayon turniri keçirilib
Masallı, 23 iyun, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə, 26 İyun - Azərbaycanın Silahlı Qüvvələri Gününə və Masallının şəhid cüdoçularının xatirəsinə həsr olunub.
Turnir Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə Masallı rayon açıq turnirinin keçirilməsi bu idman növünün uşaq və yeniyetmələr arasında təbliği, perspektivli idmançıların üzə çıxarılması, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması, onlara vətənpərvərlik ruhunun aşılanması, zərərli vərdişlərdən uzaqlaşdırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirilməsində böyük rolu var.
İkiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya, səkkizqat Avropa çempionu, Qarabağ müharibəsi qazisi İlham Zəkiyev yeniyetmə idmançıları təbrik edib, son illər cüdo idman növünə marağın artdığını bildirib.
Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərli şəhid ailələrinə qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonra “Halay” folklor və “Masallı” rəqs qrupları çıxış ediblər.
Masallı Xalq Teatrı Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirdiyi “Şuşa ətrin duyulur” tamaşasından “Şuşanın azad edilməsi” səhnəsini nümayiş etdirib. Döyüş səhnəsini Masallıdan olan peşəkar idmançılar və Vətən müharibəsi qaziləri canlandırıblar.
Final yarışlarından sonra idmançıların mükafatlandırma mərasimi keçirilib.