MASALLIDA GÖZ XƏSTƏLİKLƏRİ İNSTİTUTUNUN FİLİALI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər.
Dövlətimizin başçısı institutun bölgələrdə ilk filialının rəmzi açılışını bildirən lenti kəsdi.
Masallı şəhərinin mərkəzində, akademik Zərifə Əliyeva küçəsində yerləşən yeni səhiyyə müəssisəsinin ümumi sahəsi 850 kvadratmetrdir. Binanın foyesində görkəmli oftalmoloq alimin büstü qoyulmuşdur.
Filialda 6 çarpayılıq 3 palata, əməliyyat otağı, laboratoriya, ambulator, qəbul və müayinə şöbələri, konfrans salonu vardır.
Ən müasir avadanlığın quraşdırıldığı və regional əhəmiyyət daşıyan bu səhiyyə ocağında göz xəstəliklərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Yüksək hazırlıqlı tibbi heyətin işləyəcəyi filialda respublikamızın cənub bölgəsinin sakinlərinə tibbi xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev akademik Zərifə Əliyevaya həsr edilmiş guşə ilə tanış oldu. Burada görkəmli alimin, habelə Göz Xəstəlikləri İnstitutunun fəaliyyətinə aid fotoşəkillər toplanmışdır.
Dövlətimizin başçısı filialda quraşdırılmış müasir avadanlıqla tanış oldu.
Prezident İlham Əliyev səhiyyə ocağının kollektivinə müraciətlə dedi: Sizi təbrik edirəm. Burada gözəl şərait var. Bu yaxınlarda Bakıdakı xəstəxanada da belə gözəl şərait olacaqdır. Amma burada əsas vəzifə yerli həkimləri hazırlamaqdan ibarətdir. Əlbəttə ki, sizin təcrübəniz burada həlledici rol oynayacaqdır. Həm əməliyyatlar aparacaqsınız, həm də çalışın ki, burada yerli həkimləri də öyrədəsiniz. Gələcəkdə hər bir bölgənin öz həkimləri bu işlərlə məşğul olmalıdırlar. Sizə uğurlar arzulayıram və bir daha təbrik edirəm.
X X X
Sonra dövlətimizin başçısı və xanımı filialın müasir standartlara cavab verən səyyar klinikası ilə tanış oldular. Bütün zəruri avadanlıqla təchiz edilmiş avtomobil institutun filiala hədiyyəsidir.
######
![]() |
![]() |
![]() |
![]() |



