Masallıda regional konfrans: “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər”
Masallı, 20 iyun, İlkin Adıyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Masallı rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Regional konfrans Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək, dini müstəvidə sabitliyin önəmindən danışıb, cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında aidiyyəti qurumların, eləcə də din xadimlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
DQİDK sədrinin müavini Sahib Nağıyev bildirib ki, zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər. Təəssüflə qeyd etməliyik ki, onlar müəyyən dırnaqarası uğurlara nail olmaqla yanaşı, daha da irəli gedərək, İslam dinini siyasi alətə çevirməkdən də çəkinməyiblər. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən sədr müavini, bu kimi hallara qarşı mübarizə çərçivəsində görülən işlərdən danışıb.
Vurğulayıb ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, inzibati idarəetmə mexanizmləri formalaşdırılıb, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəslə ötürülməsi istiqamətində mühüm addımlar atılıb.
Milli Məclisin deputatı Anar İsgəndərov deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub. Millət vəkili dinə və dindarlara göstərilən qayğıdan da bəhs edərək bildirib ki, dini ibadət yerlərinin tikintisi, təmiri, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması dövlətimizin bu sahədəki siyasətinin tərkib hissələrindəndir.
Deputat Musa Qasımlı diqqəti Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu ölkə olmasına çəkib. Respublikamızda müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin yaşadığını qeyd edən deputat, Azərbaycanın bu istiqamətdə bütün dünyaya nümunə olduğunu bildirib. M.Qasımlı dinin siyasiləşdirilməsi cəhdlərinin yarada biləcəyi mümkün təhlükələrdən və bu hallara qarşı mübarizə tədbirlərindən də bəhs edib.
Baş Prokurorluğun nümayəndəsi Asim Yusifov və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev çıxışlarında dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda videoçarx nümayiş etdirilib.
Regional konfransın birinci günü müzakirələrlə yekunlaşıb.
Konfrans işini 21-22 iyun tarixlərində davam etdirəcək.