Masallıda Xocalı soyqırımına həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Masallı, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında Xocalı soyqırımına həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov şagirdlərə Xocalı soyqırımı barədə məlumat verərək bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, gənclərimiz Xocalı faciəsini unutmamalı, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalı, ölkəmizin ərazi bütövlüyünü müdafiə etməyə hər zaman hazır olmalıdırlar.
Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxışında müsabiqənin məqsədinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu bildirib.
Münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilib.
Rayonun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin şagirdi Günay Əzimova birinci, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Jalə Məmmədli ikinci, Tüklə kənd tam orta məktəbin şagirdi Fatimə Şabanova üçüncü yerlərə layiq görülüb. Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbin şagirdi İlqarə Şahbazzadə diplomla mükafatlandırılıb.
X-XI sinif şagirdləri arasında isə Miyənkü kənd tam orta məktəbin şagirdi Şəlalə Bağışova, Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Məleykə Abdullayeva, Təzə Alvadı 1 nömrəli tam orta məktəbin şagirdi Səma Həbişzadə fərqləniblər. Fərqləndiyinə görə F.Xancanov Musaküçə kənd tam orta məktəbin XI sinif şagirdi Fidan Qurbanzadə diplomla mükafatlandırılıb.
Qaliblərə diplomlar təqdim olunub.