REGİONLAR
Masallıda yunan-Roma güləşi üzrə ənənəvi respublika turniri başa çatıb
Masallı, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Taekvondo Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar Məşqçi, SSRİ-nin idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında ənənəvi respublika turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan söhbət açaraq, turnirin qaliblərinə yeni-yeni qələbə sevincləri arzulayıblar.
İki gün davam yarışda respublikamızın uşaq-gənclər idman məktəblərini, idman cəmiyyətlərini və idman klublarını təmsil edən 17 komanda qələbə uğrunda mübarizə aparıb.
Turnirin qaliblərinə diplomlar, medallar və qiymətli hədiyyələr verilib.