Mayda bəzi günlərdə havanın temperaturu 33 dərəcəyə yüksələcək
Bakı, 30 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə mayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Mayın birinci ongünlüyünün ortalarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 19-24°, bəzi günlərdə 27-32° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-21 millimetr) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 16-20° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 19-24°, bəzi günlərdə 28-33° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 33-62 millimetr) bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 11-15° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 5-10°, gündüzlər 13-18°, bəzi günlərdə gecə 13°, gündüz 21-26° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 68-122 millimetr) proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-21° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 20-25°, bəzi günlərdə 27-32° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (31-54 millimetr) ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 14-19° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 8-13°, gündüzlər 16-21°, bəzi günlərdə 26-30° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 26-166 millimetr).
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 19-22° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 20-25°, bəzi günlərdə gecə 18°, gündüz 28-33° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-62 millimetr) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 15-19° isti olacağı bildirilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 18-23°, bəzi günlərdə 25-30° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 millimetr) ehtimalı var.