MDB Müdafiə Nazirləri Şurasının katibinə təmas xəttindəki hadisələr barədə məlumat verilib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov qonağa Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırkı vəziyyət barədə ətraflı məlumat verib. General-polkovnik Zakir Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını xüsusi olaraq diqqətə çatdırıb.
Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunu və bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü vurğulayan müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib.
MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan general-polkovnik Z.Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxşı imkanların mövcudluğunu bildirib.
MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərinin məhz Azərbaycana olmasından məmnunluğunu ifadə edən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Zakir Həsənov Yuri Daşkinə MDB Müdafiə Nazirləri Şurasının katibi vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.