MDB ÖLKƏLƏRİNDƏ HUMANİTAR MƏKANIN FORMALAŞMASI
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universitetinin təşkil etdiyi “MDB ölkələrində humanitar məkanın formalaşması: tələblər, vəzifələr, vasitələr” mövzusunda elmi-praktiki konfrans açılmışdır.
Konfrans iştirakçıları fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, daha sonra Şəhidlər xiyabanını ziyarət etmişlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev və Moskva Dövlət Linqvistika Universitetinin rektoru, Rusiya Təhsil Akademiyasının akademiki İrina Xaleyeva plenar iclasda çıxış etmiş, mədəniyyət, KİV, din məsələlərini əhatə edən, əsasını isə təhsil təkşil edən humanitar məkanın genişləndirilməsinin vacibliyini vurğulamış, başçılıq etdikləri universitetlərin bu istiqamətdə fəaliyyətindən danışmışlar.
Rusiya Federasiyası Dövlət Duması MDB məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin aparat rəhbəri M.Lazutova ikidilli dərsliklər, MDB ölkələri tarixinə dair metodik vəsaitlər, kadr hazırlığı, təcrübə mübadiləsi problemləri üzərində ətraflı dayanmış, qeyd etmişdir ki, bu sahədə əməkdaşlıq proqramını MDB üzvü olan bütün ölkələr imzalamışlar. Moskva Dövlət Linqvistika Universitetində MDB ölkələri xalqlarının dillərinin, o cümlədən Azərbaycan dilinin öyrənilməsi real nailiyyət kimi qeyd edilmişdir.
Moskva Dövlət Linqvistika Universitetində “Azərbaycanşünaslıq” ixtisası üzrə mütəxəssislər hazırlanması üçün BSU-nun professoru Bella Musayeva Rsiya paytaxtına ezam edilmişdir və bu ilin oktyabr ayında isə MDLU-da Azərbaycan Mədəiyyət Mərkəzinin açılışı gözlənilir.
Konfransın işində Rusiyanın 50-dən çox alimi, deputatlar iştirak edirlər. Bölmələr üzrə işini davam etdirəcək konfrans sentyabrın 26-da başa çatacaqdır.
Konfransın açılşında Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova iştirak etmişdir.