MƏCBURİ KÖÇKÜNLƏR QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Prezident İlham Əliyev Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki 360 şagird yerlik orta məktəbin binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə qəsəbənin baş planına, məcburi köçkünlər üçün ayrılmış əkin-səpin sahələrinin, suvarma şəbəkəsinin sxeminə baxdı, sonra məktəbin idman salonu, sinif otaqları, kompyuter və fənn kabinetləri ilə tanış oldu, binanın ikinci mərtəbəsinin eyvanından ətrafı seyr etdi. Prezidentə məlumat verildi ki, hazırda məktəbdə 200 şagirdin təlim-tərbiyəsi ilə 27 müəllim məşğuldur. Sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqla təmin olunmuşdur. Kitabxana latın qrafikası ilə nəşr edilmiş ədəbiyyatla komplektləşdirilmişdir. 15 sinif otağından ibarət məktəb Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə tikilmişdir.
Prezident İlham Əliyev idman salonunda şagirdlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Məlumat verildi ki, məktəbin şagirdləri müxtəlif idman yarışlarında uğurlu nəticələr qazanmışlar.
Dövlətimizin başçısı və xanımı Xocavənd şəhidlərinin fotoşəkillərindən ibarət guşəyə də baxdılar.
######
![]() |
![]() |
![]() |


