MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində “Atlantis Holidays” şirkətinin rəhbərliyi ilə görüşlər keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” şirkətinin rəhbəri Raşid Al Nuri Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirmişdir.
Nazir Əbülfəs Qarayev ilə görüşdə Azərbaycanın turizm potensialının Fars Körfəzi ölkələrində təbliğatı mövzusu diqqət mərkəzində olmuşdur. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilən bələdçi kitablarının ərəbdilli ölkələrdə daha geniş yayılmasına dair danışıqlar aparılmışdır. Bundan əlavə, Azərbaycana Fars Körfəzi ölkələrindən turist axınının artırılması imkanları müzakirə edilmişdir.
Görüşdə, həmçinin Azərbaycanın Fars Körfəzi ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində daha geniş təmsil edilməsinə dair razılıq əldə olunmuşdur.
Daha sonra Raşid Al Nuri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə görüşmüşdür. Görüşdə “Atlantis Holidays” MMC ilə Azərbaycanın turizm şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Nazim Səmədov Raşid Al Nuriyə təşəbbüslərinə görə təşəkkürünü bildirmiş və qarşılıqlı əməkdaşlığın bundan sonra uğurla davam edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Raşid Al Nurinin Mədəniyyət və Turizm Nazirliyində keçirdiyi görüşlərdə 2012-ci ilin yanvar ayında nazirliklə “Atlantis Holidays” şirkəti arasında fəaliyyət planının hazırlanması və imzalanması, fevralda isə həmin fəaliyyət planının geniş təqdimatının keçirilməsi ilə bağlı nəzərdə tutulan hazırlıq işlərinin gedişi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, bu ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və “Atlantis Holidays” MMC arasında Fars Körfəzi ölkələrində Azərbaycanın turizm potensialını təbliğ etmək və bazar əlaqələrində respublikamızın iştirakının istiqamətləndirilməsi məqsədi İlə müqavilə imzalanmışdır.