Media: Avropalılar Vaşinqtonda Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər
Bakı, 8 sentyabr, AZƏRTAC
Avropa İttifaqının nümayəndə heyəti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və bu sahədə ABŞ-la koordinasiyanın gücləndirilməsi məsələsini müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, Avropa İttifaqının 19-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın bank sektoruna, enerji şirkətlərinə, ödəniş sistemlərinə və kriptovalyuta birjalarına qarşı əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni paketə, həmçinin Rusiya neftini daşıyan tankerlərə və bu daşımaları həyata keçirən üçüncü ölkə şirkətlərinə qarşı sanksiyalar, o cümlədən sanksiya siyahısına düşən tankerlərin təkrar sığortalanmasına qadağalar daxildir.
Eyni zamanda 19-cu sanksiya paketində Rusiya müdafiə-sənaye kompleksi üçün istifadə oluna biləcək məhsulların və xammalın ixracına əlavə qadağaların tətbiqi gözlənilir. Bununla yanaşı, Brüssel həmin məhsulları Rusiyaya ötürən Çin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edə bilər.
Sanksiya, həmçinin viza məhdudiyyətlərini, Rusiya neftini daşıyan tankerlərlə işləyən limanlarla biznes əlaqələrinin qadağan olunmasını, eləcə də hərbi məqsədlərlə istifadə oluna biləcək süni intellekt texnologiyaları ilə bağlı xidmətlərə məhdudiyyətlərin tətbiqini də əhatə edəcək.
Yeni sanksiyalar paketinin layihəsinin yaxın günlərdə rəsmən təqdim olunacağı və onun müzakirəsinin bir neçə həftə çəkə biləcəyi bildirilir.