Media: Hindistan silah ixracını artırmağa hazırlaşır
Bakı, 16 aprel, AZƏRTAC
Hindistan Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiya ölkələrinə silah və hərbi texnika tədarükünü artırmağa çalışır.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Hindistan hakimiyyəti xarici alıcıları cəlb etmək məqsədilə silah alıcılarına uzunmüddətli güzəştli kreditlər verməyə hazır olduğunu bildirib. Dehli, həmçinin 2026-cı ilin mart ayınadək xaricdəki missiyalarına, əsasən də Əlcəzair, Argentina, Qayana, Kamboca, Mərakeş, Tanzaniya və Efiopiyaya azı 20 yeni hərbi attaşe göndərməyi planlaşdırır.
Hindistanın silah ixracına başlamağı planlaşdırdığı bazarlardan biri də Braziliyadır. Dehli “Akash” hava hücumundan müdafiə sistemlərinin tədarükü və hərbi gəmilərin istehsalı üzrə Braziliya hakimiyyəti ilə müqavilə imzalamağa çalışır.
Dehli son bir ildə 236 milyard rupi (2,76 milyard dollar) həcmində hərbi təyinatlı məhsul ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur.
Qeyd edək ki, Hindistan hazırda 100-ə yaxın ölkəyə silah satır. İxrac olunan hərbi təyinatlı məhsullara artilleriya sistemləri, səsdən sürətli qanadlı “BrahMos” raketləri, “Pinaka” zenit və yaylım atəşi qurğuları, torpedalar, radarlar, trenajorlar, müxtəlif zirehli texnikalar və tanklar, helikopterlər və təyyarələr, döyüş və patrul gəmiləri, həmçinin elektron vasitələr daxildir.