Media: Trampın ticarət müharibələri qlobal biznesə azı 34 milyard dollar ziyan vurub
Bakı, 30 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın ticarət müharibələri artan xərclər və satışların azalması fonunda qlobal biznesə 34 milyard dollardan çox ziyan vurub. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi korporativ hesabatlar, tənzimləyici sənədlər və mətbuat konfranslarının təhlilinə əsaslanaraq bildirir.
Agentliyin ekspertlərinin fikrincə, əksər şirkətlər hələ də öz itkilərinin həcmini dəqiq müəyyən edə bilmir. Mövcud məlumatlar göstərir ki, 42 şirkət mənfəət proqnozlarını azaltmaq məcburiyyətində qalıb. Eyni zamanda “Apple”, “Ford”, “Porsche” və “Sony” də daxil olmaqla 16 iri şirkət öz proqnozlarını geri götürməyi və onların elan edilməsini qeyri-müəyyən müddətə təxirə salmağı üstün tutub. Demək olar ki, bütün bazar iştirakçıları Tramp administrasiyasının həyata keçirdiyi gözlənilməz ticarət strategiyasının maliyyə daxilolmaları və xərclərin dəqiq planlaşdırılması imkanlarını istisna etməsi ilə razılaşır.
Mütəxəssislərin fikrincə, biznes üçün xərclər şirkətlərin güman etdiyindən daha əhəmiyyətli ola bilər. Yel Menecment Məktəbinin professoru Ceffri Sonnenfeld qeyd edib: "Siz rəqəmləri iki və ya üç dəfə artıra bilərsiniz və biz yenə də deyərdik ki, zərərin miqyası insanların çoxunun düşündüyündən qat-qat böyük olacaq”.
Mayın 28-də ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın tariflərinin qanunsuz olduğuna qərar verib. Məhkəmə Amerika liderinin səlahiyyətlərini aşdığını bildirib. “The New York Times” nəşrinin daha əvvəl xəbər verdiyi kimi, məhkəmənin qərarı ABŞ Prezidenti üçün gözlənilməz uğursuzluq olub.
“Reuters”in məlumatına görə, ABŞ-da apellyasiya məhkəməsi mayın 29-da tariflərin bloklanması qaydasını dayandırıb.