Mehriban Məmmədova: Artıq Qarabağın “qara bağları” əlvanlaşır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşü böyük əks-səda doğurub. Cəbrayıllılar rayonun işğaldan azad olunmasının ildönümü gününə təsadüf edən görüşdən zəngin təəssüratlarla ayrılıblar.
Həmin görüşdə iştirak edən Cəbrayıl sakini, Azərbaycan Dövlət Televiziyasının İnformasiya Proqramları studiyasının baş direktoru Mehriban Məmmədova səfər və dövlətimizin başçısı ilə görüşlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Cəbrayılı azad görmək möhtəşəm hissdir. Müzəffər Ali Baş Komandan və qüdrətli Ordusu xalqımıza ötən ilin bu günlərində əvəzolunmaz hisslər yaşatdı. 44 gün, əslində, daha neçə 44 il ötsə də, bizim xatirəmizdə “təzə” kimi qalacaq. Cəbrayıl azad olunan günü heç vaxt unutmuram. Bu möhtəşəm xəbəri tamaşaçılara çatdırdıqdan sonra xəbər otağımızda əsl bayram ab-havası yaşandı. İlk rayonumuz azad olunmuşdu. Hamı biri-birini təbrik edirdi. Təbii ki, cəbrayıllı olduğum üçün mən xüsusi təbriklər alırdım. Çox keçmədi ki, doğma torpaqlara səfərlər başladı. Bizim çəkiliş qrupu ilk dəfə Cəbrayıla gedəndə dedim ki, kaş, mən də gedərdim. Amma bu, mümkün olmadı. Deməli, Cəbrayılın azadlığının 1 illiyini elə Cəbrayılda və məhz Prezident İlham Əliyevlə qeyd etmək varmış qismətdə... Tarixi ana şahidlik etdiyim üçün çox şanslıyam. Öz torpağında hər kəsə nəsib olmur dövlət başçısından “Xoş gəlmisiniz” sözünü eşitmək. İnşallah, yaxın zamanda biz cəbrayıllılar yenidən qurulan, abadlaşan Cəbrayılda Prezidentimizə “Xoş gəlmisiniz” deyəcəyik.
Doğulduğum Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıcı kimi tarixə düşdü. Şanlı Ordumuzun 2016-cı il Aprel döyüşlərindəki zəfərindən sonra Cocuq Mərcanlının təhlükəsizliyi bərpa olundu. Prezident İlham Əliyevin siyasi iradəsi ilə o balaca kənd elə abadlaşdı ki, dünyada böyük əks-səda doğurdu. Dövlət başçısı Cocuq Mərcanlını çox qısa müddətdə yenidən qurmaqla beynəlxalq aləmə həm də bir mesaj göndərdi. Dünya bir daha gördü ki, ermənilərdən fərqli olaraq, biz azərbaycanlılar qurub-yaradan xalqıq. O zaman gedib, öz evimizin dağıdıldığını görmüşdüm. O qədər acı hissdir ki, inanın, onu ifadə etmək mümkün deyil. Amma bu günə şükür, indi öz bağımızın meyvələrindən dadıram.
Prezident İlham Əliyevin fenomen yaddaşının dəfələrlə şahidi olmuşuq. Bu qədər gərgin iş qrafikinə rəğmən, 4 il əvvəli detalınadək xatırlaması ilə bunun bir daha şahidi olduq. O qədər səmimi mühit yaratdı ki, görüşümüz yaddaqalan oldu. Bilirsiniz, deyirlər insan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. O ucaldıqca daha möhtəşəmini yaradır. 44 gündə qazandığı Zəfər kimi... Onu ucaldan təkcə liderlik bacarığı, güclü sərkərdə olması deyil, həm də sadəliyi, yüksək insani keyfiyyətləridir. Tanrı Prezidentimizi, Ordumuzu, xalqımızı hər zaman hifz eləsin!
Cocuq Mərcanlını balaca ikən tərk etmişəm. Kəndimizdən çıxanda, daha doğrusu, çıxmaq məcburiyyətində qalanda mənim təxminən 8-9 yaşım vardı. Kiçik olsam da, yadımda çox şey qalıb. Evimiz, anamın gülləri, oxuduğum məktəb, bir də qoyub çıxdığım uşaqlığım... Çünki sonrakı dönəmdə uşaqlığın nə olduğunu bilmədim. Ozamankı mühit bütün məcburi köçkün uşaqlar kimi, məni də vaxtından əvvəl böyütdü.
Amma indi o, bizim üçün körpədir, Qarabağı deyirəm. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti ilə firavan böyüdəcəyik Qarabağı. Bu yaxınlarda “Qarabağın Allaha müraciəti” adlı bir yazı yazmışdım. İndi dediklərim həmin yazıdandır. Artıq Qarabağın “qara bağları” əlvanlaşır. Qarabağ cənnətə dönür, cənnətə əmanət etdiklərimizin, qazilərimizin, qəhrəmanlarımızın, Ali Baş Komandanımızın sayəsində. Allah xalqımıza həmişə Zəfər dolu günlər yaşamağı nəsib etsin!”.