MEK-də Əmin Əfəndiyevin 90 illik yubileyi ilə bağlı sərgi təşkil edilib
Bakı, 18 may, AZƏRTAC
Bu gün filologiya elmləri doktoru, dosent, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraflardan biri Əmin Əfəndiyevin 90 illik yubileyidir. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə Ə.Əfəndiyevin tərtib etdiyi biblioqrafik göstəricilər, Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş “Anar. Ömür yolu. Yaradıcılığı” , “İlyas Əfəndiyev”, “Qələmə sarılmış ömür - İsmayıl Qarayev”, “M.F.Axundzadə-200", “Bəkir Nəbiyev” monoqrafiyaları, o cümlədən dövri mətbuatda çıxan elmi yazıları, “Mühafizə məqsədilə qəzetlərin mikrofilmləşdirilməsi qaydaları”, “Kitabxana fondlarının mühafizəsi və istifadəsi haqqında əsas qaydalar” kitabları öz əksini tapıb. Bundan əlavə, sərgidə təqdim edilən alimin üç ildən çox üzərində işlədiyi “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı biblioqrafiya” əsəri Azərbaycan biblioqrafiyasında analoqu olmayan vəsaitdir. Həmçinin onun tərtibçi-müəllifi olduğu “Azərbaycan tarixçiləri” ikicildlik biblioqrafik göstəricisi (2010-2011) Azərbaycan tarixşünaslıq biblioqrafiyasına dəyərli töhfədir.
Xatırladaq ki, alim 1997-2002-ci illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışıb. Rəhbərlik etdiyi illər ərzində Azərbaycan kitabxanasının fəaliyyətində böyük dönüş əmələ gəlib, yeni struktur islahatları aparılaraq “Nadir nəşrlər”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə cavab verən şöbələr yaradılıb və gənc mütəxəssis kadrları irəli çəkərək onlara rəhbərlik etmək məsuliyyətini həvalə edib.