ELM VƏ TƏHSİL
MEK ilə EBSCO məlumat bazası arasında tərəfdaşlıq məsələləri müzakirə olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaq kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu, Diplomatik fond və Akademiklər zalı ilə tanış olub, MEK haqqında ətraflı məlumat alıb.
MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, görüşün keçirilməsində məqsəd Kitabxananın əməkdaşlarına EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər haqqında məlumat vermək və kitabxananın bazaya qoşulması imkanlarını müzakirə etməkdir.
EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun tarixi haqqında qısa məlumat verib. Bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. Hazırda dünyanın 98 mindən artıq nəşriyyat evləri ilə tərəfdaşlıq edən qurumda 400-dən artıq verilənlər bazası və elektron kitab kolleksiyası var. Çıxışı zamanı qurumun nümayəndəsi təhsil platformaları ilə kitabxana resurslarının inteqrasiyası, açar sözlər üzrə axtarış, mövzu indeksləri, coğrafi terminlər, təsnifat kodları, elmi axtarış metrologiyası və digər bu kimi mövzulara toxunub.
Müzakirələrlə davam edən görüşdə bazanın məlumat mənbələrindən yararlanmaq və abunə məsələləri ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda qonağa MEK adından Şuşanın tarixindən bəhs edən Çingiz Qacarın “Qədim Şuşa” kitabı hədiyyə edilib.