MEK-in baş direktoru: “Heydər Əliyev İli” çərçivəsində “Vikipediya”da 100 məqalə yaradılıb
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində mühüm tədbirlər həyata keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu barədə MEK-in baş direktoru professor Məmməd Əliyev məlumat verib.
“Heydər Əliyevin 100 illiyinə töhfə olaraq gördüyümüz işlər arasında ilk sırada Ümummilli Liderin biblioqrafiyasının hazırlanması dayanır”, - deyə M. Əliyev vurğulayıb. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar olaraq MEK-in Sərbəst elektron resurslar şöbəsi tərəfindən “Vikipediya” açıq ensiklopediyasında 100 məqalə yaradılıb. Bu istiqamətdə həyata keçirilmiş işlərdən biri də MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən “Heydər Əliyevin aforizmləri” audiodiskinin hazırlanmasıdır: “Burada Ulu Öndərin aforizmləri Azərbaycan və ingilis dillərində səsləndirilib”.
M.Əliyev qeyd edib ki, MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfrans keçirilib. Noyabrın 28-29-da isə Heydər Əliyevə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. O, kitabxana tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq “Heydər Əliyev 100” təqviminin buraxıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin irsini öyrənmək baxımından MEK-də təşkil olunan “Heydər Əliyev lektoriyası”nın fəaliyyəti xüsusi önəm kəsb edir.
Onun sözlərinə görə, MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş kitabların il ərzində Ədliyyə Nazirliyində, Yasamal Rayon İcra Hakimiyyətində, Yasamal rayon YAP təşkilatında, eləcə də AMEA-nın Rəyasət Heyətində sərgisi təşkil olunub. MEK hər il olduğu kimi, bu il də orta ümumtəhsil məktəbləri ilə əlaqələrini davam etdirib, bir sıra məktəblərdə Ulu Öndərin fəaliyyətinə həsr edilmiş görüşlər keçirilib, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə olunub. Bundan başqa, MEK tərəfindən Ankarada “Heydər Əliyev - 100” kitab sərgisi təşkil edilib. MEK-in əməkdaşları Antalyada keçirilən beynəlxalq konfranslarda iştirak edərək Heydər Əliyev irsinin təbliği istiqamətində çıxışlar ediblər.