SİYASƏT
Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub

Bakı, 15 sentyabr, AZƏRTAC
Meksikanın nüfuzlu “Milenio” qəzetində “Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək” sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulyasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistanın təxribatçı və riyakar siyasətinə, eləcə də ölkəmizin üzləşdiyi ikili standartlara diqqət çəkilir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Yazıda son vaxtlar Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı əsassız və qərəzli ittihamların, hətta “soyqırımı” uydurmasının səsləndirildiyi qeyd olunur, ərazidə “humanitar böhran” yaşanması ilə bağlı həqiqətdən uzaq erməni propaqandasının uğursuzluğa düçar olduğu bildirilir.
Məqalədə beynəlxalq hüquq üzrə tanınmış ekspert Rodni Diksonun hesabatında Azərbaycanın Qarabağ bölgəsində soyqırımının baş verməsi ilə bağlı Luis Okamponun iddialarının əsassız və qüsurlu kimi qiymətləndirildiyi qeyd olunur. Həmçinin yəhudi ravvinlərin Ermənistanı Holokostdan və “soyqırımı” terminindən təbliğat kimi istifadəni dayandırmağa çağırdığı vurğulanır.
Qeyd olunur ki, bölgənin erməni əhalisinin alternativ yollar vasitəsilə qida əldə etmək imkanı olduğu halda, guya Laçın yolunun bağlanması nəticəsində aclıq şəraitində yaşamaları ilə bağlı xəbərlər yalnız təəccüb doğurur. Bunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən erməni diasporu və onun havadarlarının propaqanda siyasətinin bir hissəsi olduğu bildirilir.
Eyni zamanda, bir sıra dünya ölkələrinin humanitar məsələni siyasiləşdirmək əvəzinə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə çağırışlarının ermənilər tərəfindən müsbət qarşılanmadığı, beynəlxalq aktorların vasitəçiliyi ilə hər iki marşrutun açılması ilə bağlı əldə olunmuş razılıqdan isə Ermənistanın son anda imtina etdiyi bildirilir.
Sonda “sivil dünyanın” ekspertlərinin, KİV nümayəndələrinin Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə və normallaşma prosesinə zərbə vuran hazırkı ssenarinin həqiqətlərindən bəhs etməmələrinin narahatlıq doğurduğu və bu gün süni şəkildə yaradılmış “qida böhranı”ndan ürək ağrısı keçirənlərin otuz il ərzində yurd-yuvasından didərgin salınmış yüz minlərlə azərbaycanlının çəkdiyi əzabları nəzərə almalı olduqları vurğulanır.