MƏKTƏB-LİSEY KOMPLEKSİ MÜASİR TİPLİ TƏHSİL OCAĞIDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Prezident İlham Əliyev Biləsuvarda məktəb-lisey kompleksinin açılışında iştirak etmişdir.
Ümumi sahəsi 6 min kvadratmetr olan və Avropa standartlarına uyğun layihələndirilmiş bina zəlzələyə yüksək davamlılıq nəzərə alınmaqla tikilmişdir.
Beş yüz şagird üçün nəzərdə tutulan məktəb-liseyə bu il Biləsuvar rayonunda 2800 şagird arasından test üsulu ilə 192 nəfər seçilmişdir. Daha 15 şagird rayon ərazisindəki, məcburi köçkün qəsəbələrindəki 140 şagird arasından seçilmişdir və onlar yataqxana ilə də təmin olunacaqlar. Liseydə təhsil pulsuzdur. Bu il hərəsi iki sinif olmaqla, 5-8-ci siniflər komplektləşdirilmişdir. Hər sinifdə 24-26 şagird təhsil alacaqdır. Növbəti ildə bütün bölgəni əhatə etməklə birinci sinifə qəbul aparılacaqdır. Bu məqsədlə gələn il yeni yataqxananın tikintisi də planlaşdırılır.
Hazırda liseydə 20 müəllim çalışır, gələcəkdə onların sayı 70-ə çatdırılacaqdır. Tədris genişləndirilmiş proqram üzrə, nəzəriyyə və təcrübələrin inteqrasiyası vasitəsilə aparılacaqdır. Keçilmiş hər mövzudan sonra yoxlama testi, hər ay isə sınaq imtahanı olacaqdır.
Gələcəkdə kompleksin nəzdində məktəbəqədər təlim bölməsinin də açılması nəzərdə tutulmuşdur.
Kompyuter otağında şagirdlər üçün internetə qoşulmuş 24, informatika dərsini aparan müəllim üçün ayrıca kompyuter vardır. Vahid elektron şəbəkəsi olan liseydə respublikamızda ilk dəfə olaraq yeni təhsil mühiti - informatika sistemi yaradılmışdır.
Kitabxanadakı ədəbiyyatın bir hissəsinin isə həm də elektron versiyası olacaqdır.
Prezident İlham Əliyev kompleksin akt salonuna, 80 nəfərlik yeməkxanaya, 184 yerlik tribunası olan idman salonuna, fizika, kimya və biologiya laboratoriyalarına, müəllimlər otağına, kompyuter, rəsm otaqlarına, hərbi hazırlıq kabinetinə və kitabxanaya baxdı.
Bu cür müasir tipli komplekslərin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğının göstəricisi olduğunu söyləyən Prezident İlham Əliyev dedi ki, gənc nəslin savadlı böyüməsi, biliklərə dərindən yiyələnməsi üçün burada hər cür şərait vardır.
Dövlətimizin başçısı məktəb-liseyin kollektivinə uğurlar arzuladı.
######
![]() |
![]() |
![]() |


