Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Bakı, 17 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi 2023-cü ildən etibarən ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin sertifikasiya imtahanlarını həyata keçirməyə başlayıb. Bu prosesin ilk mərhələsində Azərbaycan dili, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri sertifikatlaşdırılıb. Nazirliyin verdiyi məlumata görə, 2025-ci ildə fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırılması nəzərdə tutulur. Nəticə etibarilə 2026-cı ilin sonuna kimi bu prosesin tamamilə yekunlaşacağı planlaşdırılır.
Təhsilverənlərin sertifikasiya olunması vacib addımdır, çünki bu proses təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin bilik və bacarıqlarının yoxlanılması baxımından çox vacibdir. Ancaq hesab edirəm ki, bu sertifikasiya prosesinə yalnız müəllimlər deyil, həm də məktəb psixoloqları daxil edilməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. Onun sözlərinə görə, məktəb psixoloqları şagirdlərin psixoloji və sosial durumlarının qiymətləndirilməsində, ailə-məktəb əlaqələrinin qurulmasında, eləcə də neqativ hallarla mübarizədə çox önəmli rol oynayırlar: “2018-ci il iyulun 5-də imzalanmış 164 nömrəli Fərmanın 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən “Təhsil müəssisələrində psixoloji xidmətin təşkilinin qaydaları” təsdiq edilib. Bu qaydalara əsasən, psixoloji xidmət məktəb idarəçiliyi, valideynlər, pedaqoqlar və şagirdlər arasında səmərəli əlaqələrin qurulmasını, şagirdlərin psixoloji problemlərinin öyrənilməsini və onlara lazım olan dəstəyin göstərilməsini nəzərdə tutur. Məhz bu qaydalara əsaslanaraq, məktəb psixoloqlarının da bilik və bacarıqlarının qiymətləndirilməsi vacibdir.
Hazırda bir çox məktəbdə psixoloqların fəaliyyəti istənilən səviyyədə deyil. Son illərdə məktəblərdə baş verən neqativ hadisələr və ictimai narazılıq da bunu göstərir. Buna görə də təhsil sisteminin keyfiyyətinin artırılması və şagirdlərin psixoloji rifahının qorunması üçün 2026-cı ilin sonuna kimi nəzərdə tutulan sertifikasiya prosesinə məktəb psixoloqları da daxil edilməlidir. Bu yolla məktəb psixoloqlarının peşəkarlıq səviyyəsi qiymətləndirilərək təhsil sisteminin səmərəliliyi daha da artırıla bilər”.