Məktəb psixoloqları elmi biliklərə və praktik bacarıqlara yiyələnmiş mütəxəssislər olmalıdırlar
Culfa, 2 mart, AZƏRTAC
Müasir dövrdə Azərbaycanın təhsil sistemində psixoloji xidmət işi mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu baxımdan muxtar respublikanın ümumtəhsil məktəblərində məktəb psixoloqlarının işinin təşkili vəziyyəti daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Culfa şəhərindəki 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Culfa və Ordubad rayonları Təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən məktəblərin psixoloqları üçün keçirilən “Məktəblərdə psixoloji xidmətin təşkili və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Konfransda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib ki, təhsil insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli, ümumbəşəri dəyərlərə, dünyəvilik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına xidmət edir. Bunlar isə şagirdlərin yaş, fizioloji, psixoloji və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını zəruri edən amillərdəndir. Müasir dövrdə təhsilin inkişafı onun şəxsiyyətyönümlülük prinsipi əsasında qurulmasını tələb edir. Bu, psixoloji xidmət işinə artan tələbatın mühüm göstəricisidir.
Təhsil naziri xatırladıb ki, bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili, psixoloqların fəaliyyəti üçün psixoloji kabinet yaradılıb. Eyni zamanda, məktəblərin əksəriyyətində psixoloji xidmətin əsas istiqamətlərini əks etdirən ədəbiyyatlar və elektron vəsaitlər mövcuddur.
“Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, ümumtəhsil məktəblərinin vəzifəsi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən və onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını bilmək zəruridir.
“Müasir dövrdə məktəbdə psixoloji xidmətin rolu olduqca əhatəlidir. Bu xidməti həyata keçirən məktəb psixoloqları sağlam psixoloji iqlimin formalaşmasına təsir göstərə biləcək qədər elmi biliklərə, praktik bacarıqlara yiyələnmiş mütəxəssis olmalıdırlar”, - deyən Oruc Həsənli qeyd edib ki, psixoloqlar tədris materiallarını çətin mənimsəyən, sağlamlıq imkanları məhdud olan uşaqlarla və onların valideynləri ilə testlərlə işin düzgün təşkilində, yeniyetmələrin psixoloji hazırlanmasında mövcud metodik vəsaitlərdən istifadəyə geniş yer verməlidirlər. Məktəb psixoloqunun fəaliyyətində mühüm yerlərdən birini də yeniyetməlik dövrünə keçidlə bağlı şagirdin həyatında baş verən dəyişiklikləri öyrənmək, yeni mərhələ ilə bağlı onlara kömək etmək tutur.
Təhsil islahatının həyata keçirilməsində məktəb psixoloqlarının da üzərinə böyük və məsuliyyətli vəzifə düşdüyünü deyən Oruc Həsənli əsl vətəndaş yetişdirmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq məqsədilə qarşıda duran vəzifələrdən danışıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, məktəblərdə çalışan psixoloqların sualları cavablandırılıb.