Oğuzda milli rəqslərimizə həsr olunmuş ədəbi-bədii tədbir - “Gənclərin rəqs dalğası” VİDEO
Oğuz, 18 iyun, AZƏRTAC
Oğuz rayonunda milli-mədəni irsin təbliği və xalq rəqslərinin gələcək nəsillərə ötürülməsi məqsədilə “Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir təşkil olunub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektoru və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkil etdiyi tədbirə rayon icra hakimiyyəti və regional mədəniyyət idarəsi dəstək verib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Elvin Qarayev məlumat verib.
Bildirilib ki, əvvəlcə iştirakçılar muzeydə bölgənin zəngin tarixini və milli-mənəvi irsini əks etdirən sərgi ilə yaxından tanış olublar. Çıxış edən qonaqlar milli-mədəni dəyərlərin qorunmasında gənclərin fəal rolunu və xalq rəqslərinin mənəvi əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin bədii hissəsində yeniyetmə və gənclərin ifasında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş olunub.
Sonda gənclərin milli ruhda yetişdirilməsinə və proqramın təşkilinə töhfə verən rəqs kollektivlərinin rəhbərlərinə təşəkkürnamələr təqdim edilib.
Müxbir - Rasim İslamoğlu