Məktəbin İnkişaf Planının yazılmasına dəstək məqsədilə tədbirlər davam etdirilir
Bakı, 22 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə 91, 159, 238 və 284 nömrəli tam orta məktəblərdə görüşlər təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Məktəbin İnkişaf Planında öz əksini tapan fəaliyyətlər müzakirə olunub və yekun təkmilləşdirilmə üçün məktəbin MİP komandasına təqdim olunub.
Üçillik dövrü əhatə edən MİP Təhsildə Keyfiyyət Təminatı Agentliyinin monitorinq hesabatı və məktəbin pedaqoji, inzibati heyətinin təlim ehtiyaclarına uyğun şəkildə hazırlanıb. İnkişaf istiqamətlərinə heyətin peşəkar inkişafı, şagird və valideynlərlə işin təşkili daxildir.
Qeyd edək ki, MDPİM tərəfindən növbəti günlərdə də digər məktəblərə MİP-in təqdim edilməsi planlaşdırılır.