“Mən də əsgərəm” adlı sosial çarxın təqdimatı keçirilib
Bakı, 4 mart, AZƏRTAC
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Mən də əsgərəm” layihəsini uğurla həyata keçirib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərin vətənpərvərlik ruhunda yetişməsi, xalqımızın qəhrəman övladlarının rəşadətlərinin təbliği ilə gənclərin ordu sıralarına həvəsləndirilməsinə dair sosial çarxların hazırlanmasıdır.
Layihə çərçivəsində hazırlanan iki videoçarxın təqdimat mərasimində İctimai Birliyin sədri Rəşad Cəfərov görülən işlər haqqında məlumat verib. O, gənclər arasında hərbi-vətənpərvərlik ruhunun inkişafında belə layihələrin önəmini vurğulayıb. Bildirib ki, ölkəmizdə bu sahəyə yüksək diqqət və qayğı göstərilir. Bu baxımdan belə layihələr Gənclər Fondu tərəfindən fəal şəkildə dəstəklənir.
Sonra videoçarxların nümayişi olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov çıxışında videoçarxların peşəkarlıqla hazırlandığını bildirib. O, belə layihələrin gənclərin hərbi-vətənpərvərlik ruhunda inkişafı baxımından əhəmiyyətini qeyd edib.