Mən Heydər Əliyevi əsl sərkərdə kimi təsvir etməyə çalışmışam
Gəncə, 13 dekabr, AZƏRTAC
Ümummilli liderimiz Heydər Əliyevlə dəfələrlə görüşmüşəm və hər görüşümdən sonra məndə bu dahi şəxsiyyətin obrazını yaratmaq arzusu baş qaldırıb. Nəhayət, bu arzuma çatdım. Ulu Öndərin Gəncənin mərkəzi meydanında ucaldılacaq abidəsinin hazırlanması mənə tapşırılanda sevincimin həddi-hüdudu olmadı. Çox düşündüm, necə edim ki, bu dahi şəxsiyyəti böyük insan, dünya şöhrətli siyasi və dövlət xadimi kimi təsvir edə bilim. Son nəticədə belə qərara gəldim ki, Azərbaycan xalqının xilaskarı olan bu insanın əsl sərkərdə obrazını yaradım.
Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsini anma günündə AZƏRTAC-a müsahibəsində tanınmış heykəltəraş, respublikanın Əməkdar Rəssamı Şərif Şərifov söyləyib. Heykəltəraş bildirib ki, artıq arzuma çatdığım üçün özümü xoşbəxt hesab edirəm. Fəxr edirəm ki, ümumi hündürlüyü 9 metr olan möhtəşəm abidə bu gün gəncəlilərin ziyarət etdikləri ən müqəddəs ünvanlardan biridir.