Mənəvi Dəyərlərin Təbliği Fondu koronavirusla mübarizə aparan səhiyyə işçilərinə hədiyyələr təqdim edib
Bakı, 7 aprel, AZƏRTAC
Hazırda bütün dünyada, eləcə də ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu infeksiyaya yoluxmuş insanların müalicəsi, karantinə alınmış şəxslərin müayinəsi, o cümlədən bütün əhalinin sağlamlığının təmin edilməsi məqsədilə Azərbaycanın peşəkar səhiyyə işçiləri səfərbər edilib. Onlar bu mübarizədə böyük qəhrəmanlıq və fədakarlıq göstərərək var gücləri ilə çalışır, öz sağlamlıqlarını risk altında qoyaraq xəstələrə yardım göstərirlər.
AZƏRTAC-a xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu infeksiya ilə bilavasitə mübarizə aparan həkimlərə mənəvi dəstək göstərmək, xalqımızın onların yanında olduğunu nümayiş etdirmək, qəhrəmanlarımızda ruh yüksəkliyi yaratmaq məqsədilə bir qrup səhiyyə işçisinə hədiyyələr təqdim edib.