“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində yekun görüş Talış kəndində olub
Tərtər, 21 avqust, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər avqustun 15-17-də Tərtər rayonunun Xoruzlu, Qazyan, Hüseynli, Evoğlu və Talış kəndlərinə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq hüquqları sahəsində maarifləndirmənin təmini məqsədilə keçirilən təlimlərdə 122 uşaq iştirak edib. Səfər zamanı Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşı Aynur Məmmədova və “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Vəliyeva tərəfindən uşaqlar arasında müxtəlif qrup işləri keçirilib, müzakirələr aparılıb, uşaq hüquqları haqqında məlumatlandırıcı çap materialları, yapışqanlı stikerlər paylanılıb.
Qeyd edək ki, bundan əvvəl iyunun 7-9-da Xızı rayonunun Altıağac, Şorabad qəsəbələrinə və Fındığan, Tıxlı, Yeni Yaşma kəndlərinə, iyulun 27-də Zəngilan rayonunun Ağalı kəndinə, avqustun 8-10-da Yardımlı rayonunun Çayüzü, Avaş, Vərgədüz, Bərcan və Astanlıya səfərlər təşkil edilib. Layihə çərçivəsində keçirilən görüşlərdə ümumilikdə 400-ə yaxın uşaq iştirak edib.