Mərakeş mətbuatı Azərbaycan-Mərakeş diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş məqalələr dərc edib
Rabat, 26 avqust, AZƏRTAC
Mərakeş Krallığının geniş oxucu kütləsinə malik həftəlik “əl-İslah”, gündəlik “Bəyan əl-Yaum”, “əl-Aləm” aparıcı qəzetlərində və bir sıra internet mediasında Azərbaycan-Mərakeş diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı zamanı Kral II Həsənlə tarixi görüşü, hazırda əlaqələrimizin Azərbaycan Prezidenti İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilməsi barədə məlumat verilir.
Mərakeş nəşrləri iki dövlətin geostrateji mövqeləri - Azərbaycanın Asiyaya və Mərakeşin Afrikaya qapılar olduğu, habelə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanır. İkitərəfli siyasi münasibətlərin yüksək səviyyədə təşəkkül tapdığı, Mərakeşin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdirməsi və habelə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla həyata keçirilən sıx əməkdaşlıq barədə danışılır.
Bildirilir ki, cari ildə iki ölkə arasında Hökumətlərarası İqtisadi birgə komissiyanın II iclasının keçirilməsi və bu çərçivədə imzalanacaq bir sıra sazişlərin Azərbaycanla Mərakeş arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər açacaqdır.
Qeyd edilməlidir ki, geniş oxucu kütləsinə malik “Bəyan əl-Yaum” qəzetinin 10-cu səhifəsində Azərbaycanın Birinci vitse-prezidentinin səmərəli fəaliyyətinə “Xanım Mehriban Əliyeva: Müasir dövrün görkəmli ictimai-siyasi şəxsiyyəti” adlı məqalədə yer almışdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat