İDMAN
Mərakeş millisi tarixində ikinci, Xorvatiya isə üçüncü dəfə pley-offa yüksəlib
Bakı, 1 dekabr, AZƏRTAC
Futbol üzrə Mərakeş və Xorvatiya milli komandaları dünya çempionatının pley-off mərhələsinə adlayıblar.
AZƏRTAC xəbər verir ki, Qətərdə təşkil olunan mundialın F qrupunun üçüncü turu çərçivəsində Mərakeş millisi Kanada yığması ilə qarşılaşıb. Matçda hesab 4-cü dəqiqədə açılıb. Mərakeşli futbolçu Hakim Ziyeş komandasını hesabda önə keçirib. Təzyiqi daha da artıran Mərakeş millisi 23-cü dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Yussuf En-Nesiri fərqlənib. Qarşılaşmanın 41-ci dəqiqəsində üçüncü qol vurulub. Bu dəfə mərakeşli futbolçu Naif Ager avtoqol müəllifi olub. İkinci hissədə qol vurulmayıb və Mərakeş seçməsi 2:1 hesablı qələbə qazanıb.
Qrupun digər oyununda Xorvatiya və Belçika yığmaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb - 0:0.
Hesabında 7 xal olan Mərakeş millisi qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya 5 xalla qrupda ikinci olub və pley-offa yüksəlib. Belçika millisi 4 xalla üçüncü olub, Kanada isə xal qazana bilməyib.
Mərakeş tarixində ikinci dəfə, Xorvatiya isə üçüncü dəfə pley-off mərhələsinə adlayıb.
Bu gün E qrupu çərçivəsində Kosta-Rika - Almaniya və Yaponiya - İspaniya oyunları da keçiriləcək. “Əl Beyt” stadionunda oynanılacaq Kosta-Rika - Almaniya matçını fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. “Xəlifə” stadionunda keçiriləcək digər matç isə Viktor Qomesə (CAR) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın isə aktivində 1 xal var.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina və Polşa yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.