MƏRHUM AKADEMİKİ QƏTLƏ YETİRƏN CİNAYƏTKARLARIN TUTULMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Respublika Baş Prokurorluğundan AZƏRTAC-a məlumat vermişlər ki, Milli Məclisin deputatı, Elmlər Akademiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 1997-ci il fevralın 21-də qətlə yetirilməsi faktına görə Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi üzrə bütün təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Daxili işlər orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan və 2003-cü ilin avqust ayında Ukraynada həbs edilərək Azərbaycana gətirilən Mais Abdullayev barəsində cinayət işinin istintaqı yekunlaşdırılmışdır. O, Ziya Bünyadovu qətlə yetirən cinayətkar dəstənin üzvləri Tariel Ramazanov və qeyrilərinin Azərbaycan sərhədindən gizli yolla İran ərazisinə keçməsini təşkil etdiyinə görə bu günlərdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
Görkəmli alim Ziya Bünyadovun qətli ilə bağlı ağır cinayət hadisəsinin törədilməsində iştirak edən və təqsirləndirilən şəxs qismində barələrində həbsli axtarış elan olunmuş, digər şəxslərin, o cümlədən Tariel Ramazanov, Cavanşir Aslanov, Vüsal Nəzərov və Elşən Dədəyevin tutulub istintaqa cəlb olunmaları üçün hazırda bütün zəruri tədbirlər görülür.