Mərkəzi Asiya üzrə iqlim dəyişmələrinə dair informasiya platforması yaradılır
Bakı, 5 aprel, AZƏRTAC
Mərkəzi Asiya üzrə iqlim dəyişmələrinə dair informasiya platforması yaradılır. Hazırda konsepsiyanın işlənməsi mərhələsində olan layihə beş aydan sonra texniki reallaşma fazasına daxil olacaq.
AZƏRTAC “ORIENT” informasiya agentliyinə istinadla xəbər verir ki, iqlim dəyişmələrinə uyğunlaşma və onun Aral dənizi hövzəsi üçün nəticələrinin yumşaldılması proqramı (CAMP4ASB) Mərkəzi Asiya regional ekologiya mərkəzinin və Dünya Bankının dəstəyi ilə həyata keçirilir.
Regional platformada milli hidrometeorologiya mərkəzlərinin məlumatları, çöl təcrübələrinin nəticələri toplanacaq, informasiyanın sintezi və analizi həyata keçiriləcək və nəticələr mobil qurğulara göndəriləcək. Təbiətin mühafizəsi və planetimizin iqlim dəyişmələrindən qorunması işlərinə şəxsən töhfə vermək istəyən hər kəs bu informasiyadan istifadə edə bilər. Platformanı yaradanlar siyasətçilərin, alimlərin, iqlimlə bağlı qərarlar qəbul edən şəxslərin, habelə fəaliyyətləri iqlim dəyişmələrinə bilavasitə təsir göstərən fermerlərin və sahibkarların bu layihəyə maraq göstərəcəyinə ümid bəsləyirlər.
Səmərəli dialoq aparmaq və ümumi tövsiyələri konkret regionların ehtiyaclarına və iqtisadi şəraitə uyğunlaşdırmaq məqsədilə platformada əks əlaqə imkanı nəzərdə tutulacaq.
Regional platformanın istifadəyə verilməsi iqlim dəyişmələrinə qarşı mübarizə üçün biliklər bazasının möhkəmlənməsinə, ekoloji təhdidlərə səmərəli cavab vermək üçün Mərkəzi Asiyada ikitərəfli və çoxtərəfli dialoqa və əməkdaşlığa kömək göstərilməsinə yönəlib.