İQTİSADİYYAT
Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı üzrə müsabiqənin nəticələrini açıqlayıb
Bakı, 7 aprel, AZƏRTAC
2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birgə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə qurum tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqənin qalibi olub:
- POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank - “Premium Bank” ASC
- Təmassız ödənişlər üzrə lider bank - “Expressbank” ASC
- İnternet bankçılıq xidməti üzrə lider bank - “Paşa Bank” ASC
- Mobil bankçılıq xidməti üzrə lider bank - “Kapital Bank” ASC
- Təmassız POS-terminal infrastrukturu üzrə lider bank - “Paşa Bank” ASC
- Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” - “Unibank KB” ASC.
Mərkəzi Bank qalib bütün bankları COVID-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırır.