Mərkəzi Nəbatat Bağında ağacəkmə və yaşıllaşdırma işləri sürətlə həyata keçirilir
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Nəbatat Bağında genişmiqyaslı mövsümi ağac əkimi və yaşıllaşdırma işləri sürətlə davam edir.
Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, məqsəd yerli potensialı üzə çıxarmaq, bağı ziyarət edən qonaqları ölkəmizin zəngin florası ilə yaxından tanış etməkdir. Bağa əlavə olaraq 4000-ə yaxın dekorativ bitkilərdən limon (şərq) tuyası, limonu sərvi, birgöz, fotinya gətirilib.
Bundan başqa Bağ rəhbərliyi tərəfindən Komissiya yaradılıb. Komissiyanın üzvü biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev bildirib ki, bağın təcrübə sahələrinə ölkə ərazisində bitən, ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik yeni dekorativ və meyvə ağaclarının gətirilməsi ilə həm bitki ehtiyatları bazasının zənginləşdirilməsi, həm də elmi-tədqiqat işlərinin aparılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır. Hazırda 3 hektar ərazidə aparılan abadlıq işləri çərçivəsində ən son texnologiyalardan istifadə olunmaqla kommunikasiya və elektrik xətləri çəkilir, işıq dirəkləri yenilənir, ekskursiyaya açıq sahələrə daş plitələr salınır.
Bağda abadlıq-quruculuq işlərinin yüksək səviyyəyə çatdırılması, ərazinin estetik görünüşünün daha da yaxşılaşdırılması nəzərdə tutulub.