CƏMİYYƏT
Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, kommunal xidmətlərin və struktura daxil olan digər qurumların 400 nəfərdən çox əməkdaşının iştirakı ilə Mərkəzi Nəbatat Bağının ərazisində geniş iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməclik zamanı parkda 4 hektar ərazidə on illərlə baxımsız qaldığından ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib və parkdakı ağacların dibi bellənib. Birliyin əməkdaşları mövcud ağacların qurumuş hissələrini budayıb, tam qurumuş ağaclar çıxarılıb, ərazidə digər təmizlik və abadlıq işləri görülüb. Qurumuş ağacların yerinə mövsüm ərzində yeniləri əkiləcəkdir.
Keçirilən iməcilik Nəbatat bağında təmizlik-abadlıq, ekoloji tarazlığın bərpası, buradakı ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlərin bir hissəsidir.
Qeyd edilməlidir ki, 1934-cü ildə Azərbaycan florasından olan bitki növlərinin və genofondunun qorunması məqsədilə yaradılmış bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Nəbatat bağında 2500-dən artıq ağac, kol, ot bitkiləri və s. və müxtəlif növlü ağacları vardır, burada 130-a yaxın nadir bitki qorunur. Ötən ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.