Məşqçi-müəllimlər və idmançılar üçün seminarlar davam etdirilir
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün seminarlar davam etdirilir.
Bu çərçivədə növbəti seminar “Naxçıvan” Universitetinin idman zalında muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda 14 məşqçi-müəllim və 30-a yaxın basket¬bolçu iştirak edib.
Gənc basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin keçmiş kapitanı Tahir Baxşıyev son illər bu idman növünün dəyişən və tətbiq olunan yeni qaydaları barədə məşqçi-müəllimləri və idmançıları məlumatlandırıb.
Məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov bildirib ki, bu idman növünün muxtar respublikada kütləvi hal alması üçün mütəmadi olaraq yarışlar təşkil edilir. Bu tədbirlərin davamı kimi, basketbol üzrə muxtar respublika çempionatı keçirilir. Həmçinin rayonlarda basketbolun inkişafına böyük önəm verilir. Belə seminarların keçirilməsi məşqçi-müəllimlər üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu sahəyə maraq gündən-günə artmaqdadır. Artıq yüzlərlə yeniyetmə və gənc bu sahədə öz bacarığını göstərir.
Gənc basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Tahir Baxşıyev məşqçi-müəllimlərə Azərbaycanda bu idman növünün inkişafı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, basket¬bolun inkişafı ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev basketbol üzrə Olimpiyа, Dünya və Avropa çempionu olan məşhur basketbolçu Rimas Kurtinaytisi qəbul edib. Elə həmin ilin sentyabr ayında Kurtinaytis milli yığmaya baş məşqçi təyin olunub. Bu gün Naxçıvanda təşkil edilən seminar məşqçi-müəllimlər, həmçinin basketbolçular üçün əhəmiyyətlidir. Hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hər bir şərait var və məqsədimiz uşaq və yeniyetmə basketbolçulara, eyni zamanda məşqçi-müəllimlərə basketbolun yeni qaydaları haqqında məlumat vermək, bunu praktik olaraq göstərməkdir.
Qeyd edək ki, məşqçi-müəllimlər üçün təşkil edilən seminardan sonra Tahir Baxşıyev basketbolçular üçün də praktik seminar keçib.