ELM VƏ TƏHSİL
“Metafizika” jurnalının yeni nömrəsində xarici ölkələrdə yaşayan tədqiqatçıların da elmi məqalələri dərc edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə üçüncü nömrəsi işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində yerli alimlərin məqalələri ilə yanaşı, ölkə xaricində yaşayan tədqiqatçıların da elmi məqalələri dərc edilib. “Metafizika” jurnalının bu sayında on məqalə və üç resenziya yer alıb.
Dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr olunan “Metafizika” jurnalının yeni sayında oxucular humanitar və sosial elmlər sahəsinə aid elmi məqalələrlə tanış ola bilərlər. Bu nömrədə ilk dəfə təqdim edilən “Resenziyalar” bölməsində təqdimat və tənqid xarakterli rəylər əksini tapıb.
Jurnalda Adil Əsədovun “Qədim yunan fəlsəfəsinin deterministik istiqaməti” (Azərbaycan dilində), Kamina Məmmədova və Sevda Yusifovanın “XX əsrin əvvəllərində erməni vandalizmi” (Azərbaycan dilində), Turanə Əlibəyova və Füzuli Qurbanovun “Qneseologiya və epistemologiya: müqayisəli fəlsəfi təhlil” (Azərbaycan dilində), Nailə Əsədovanın “Aristofanın komediyalarında ümumiləşdirilmiş obrazlar” (Azərbaycan dilində), Fərəh Sadıqovanın “Qərb fəlsəfə tarixində ölüm problemi” (Azərbaycan dilində), Türkan Məmmədovanın “Azərbaycan xalqının milli özünüdərk prosesində Əli bəy Hüseynzadənin müasirləşmə yolu” (Azərbaycan dilində) mövzusunda məqalələr təqdim olunub. Həmçinin oxucular Aitmamat Kariyevin “Qırğızların çoxevlilik (və yaş fərqi) adətinin İslam hüququ mövqeyindən tədqiqi” (türk dilində), Tofiq Əsədovun “Allahın “Rəhman” sifətinin ilahi əzab ilə qarşılıqlı münasibəti” (fars dilində), Kamil Səlimov, Kamran Səlimov və Firudin Mövsümovun “Cinsi zorakılığın kriminoloji xüsusiyyəti (xarici ölkələrin məhkəmə-istintaq təcrübəsinin materialları əsasında)” (rus dilində), Ləman Qarayevanın “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində diasporun rolu” (ingilis dilində) adlı məqalələri ilə tanış ola bilərlər. Bundan əlavə, bu nömrədə Namiq Əliyevin “Topların gurultusu altında diplomatiya...” adlı kitaba dair” (Azərbaycan dilində), İbrahim Bağırovun “İrfan və fəlsəfə perspektivindən kamil insan nəzəriyyəsi” kitabı haqqında” (Azərbaycan dilində) və Əlizadə Əsgərlinin “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)” kitabına konseptual yanaşma və qiymətləndirmə” (Azərbaycan dilində) mövzusunda resenziyalar yer alıb.
Bir sıra nüfuzlu elmi bazalara, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiqlədiyi nəşrlərə daxil edilmiş “Metafizika” jurnalında ənənələrə əsaslanaraq müasirliyə köklənən humanitar və sosioloji sahələrə aid elmi, nəzəri, tənqidi məqalələr dərc edilir.
Dünya və xüsusən respublikamızın elmi və təhsil ictimaiyyəti “Metafizika” jurnalı ilə əməkdaşlıq edərək tədqiqat xarakterli elmi araşdırmalarını çap etdirə bilərlər.