MƏTBUAT ŞURASI VƏ RESPUBLİKA PROKURORLUĞU BİRGƏ KONFRANS KEÇİRMİŞLƏR
Mətbuat Şurası İdarə heyəti üzvlərinin, Respublika Prokurorluğu, daxili işlər və ədliyyə nazirliklərinin, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı və Siyəzən rayonları prokurorluq orqanları əməkdaşlarının, həmin bölgələrdə fəaliyyət göstərən KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Şuranın sədri Əflatun Amaşov ölkəmizdə informasiyalı cəmiyyət quruculuğu prosesindən danışmış və bu şəraitdə KİV-lərin, ayrı-ayrı dövlət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır.
Siyəzən rayon prokuroru Həsən Hənifəyevin “Şimal bölgəsində prokurorluq orqanlarının kütləvi informasiya vasitələri ilə əlaqələri təcrübəsindən: problemlər və həll yolları”, Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi komissiyasının rəhbəri İbrahim Məmmədlinin “KİV-lərin problemlərinin həllində hüquq mühafizə orqanları ilə işin xüsusiyyətləri” mövzusunda məruzələri, KİV təmsilçilərinin çıxışları dinlənilmişdir.
Natiqlər ölkəmizdə həyata keçirilən demokratik dövlət quruculuğu prosesində hüquq mühafizə orqanları ilə KİV-lərin əməkdaşlığının zəruriliyini, prokurorluq orqanlarının və mətbuatın demokratik cəmiyyət quruculuğuna xidmət etdiyini vurğulamışlar. KİV nümayəndələri ilə əməkdaşlığı gücləndirməyə dair Daxili İşlər Nazirliyində və Respublika Prokurorluğunda imzalanmış müvafiq əmrlər xatırladılmışdır. Reketçi jurnalistlərdən də söhbət açılmış, Mətbuat Şurasından onlara qarşı mübarizəni gücləndirmək tələb olunmuşdur.
Bölgədə fəaliyyət göstərən jurnalistlərə “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” kitabı paylanmışdır.