Metropolitenin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi davam edir
Bakı, 2 noyabr (AZƏRTAC). Bakı Metropoliteninin 20 illik inkişaf planında, yeni stansiyaların inşası ilə yanaşı, dərin özüllü stansiyaların ikinci çıxışlarının inşası da xüsusi yer tutur.
Hazırda metropolitenin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı inşa olunur.
Tikinti üzrə məsul işçi Hüseyn Yaqubov AZƏRTAC-a bildirmişdir ki, “Elmlər Akademiyası” stansiyasının yerləşdiyi ərazidə elm mərkəzləri və müxtəlif dövlət idarələri yerləşir. Bu da stansiyada ikinci çıxışın tikilməsi zərurətini yaratmışdır. H.Yaqubov inşaat prosesində tətbiq olunan bir sıra yeniliklərdən danışaraq demişdir ki, ikinci çıxışın təməli qazılarkən əvvəlcədən burada xüsusi inyeksiya işi aparılmış və inşaatda müasir “jet qrautinq” üsulundan istifadə edilmişdir. Piyada tunellərinin ətrafı sementlənmə ilə bərkidilmişdir.
Əsas işləri “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 nömrəli Tunel Tikinti İdarəsi yerinə yetirir.