CƏMİYYƏT
Mexikoda plastik paketlər 2020-ci ildən qadağa ediləcək
Bakı, 10 may, AZƏRTAC
Mexiko şəhərinin Konqresi plastik paketlərin istifadə olunmasını 2020-ci ilin dekabrından qadağan edib. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, şəhərin bərk tullantıları haqqında qanuna müvafiq dəyişikliklər edilib.
Yeniliklərə əsasən, 2020-ci ildən plastik paketlərin satışı, yayılması və istifadə olunması tamamilə qadağan ediləcək. Bundan əlavə, 2021-ci ilin yanvarından meqapolisdə içmə üçün plastik çubuqlardan və plastik qablaşdırmalardan, habelə birdəfəlik plastik çəngəl, qaşıq və boşqablardan istifadə olunması qadağa ediləcək.
Plastik kürəciklər, yemək daşımaq üçün birdəfəlik konteynerlər və tərkibində plastik kütlə olan qadın tamponları da qadağa ediləcək.
Meksika gündəlik həyatda plastikdən ifrat dərəcədə istifadə olunmasına qarşı mübarizəyə artıq çoxdan başlayıb. Məsələn, bioloji parçalanan materiallardan istehsal edilmiş birdəfəlik zibil paketləri, habelə avokado çəyirdəyindən əldə olunan materialdan hazırlanmış “plastik” qablar ölkədə çox populyardır.