Məzahir Əfəndiyev: Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə dəlalət edir
Bakı, 26 may, AZƏRTAC
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Müzəffər Ali Baş Komandan, böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ - Vətən müharibəsində qazanılan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması, beynəlxalq təşkilatlarda problemin ədalətli həlli modelinin nümayiş etdirilməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri, xüsusilə bizə dost olan, İkinci Qarabağ müharibəsi zamanı haqq işimizi dəstəkləyən və böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.
Ölkəmiz xarici siyasətində Balkan ölkələri, xüsusilə Bosniya və Herseqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Bosniya və Herseqovina xalqları arasında tarixi baxımdan oxşar cəhətlər çoxdur. Onlardan ən əsası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı, Srebrenitsa faciələrini yaşamalarıdır.
İki milyondan çox müsəlman əhalinin sıx şəkildə yaşadığı yeganə Avropa ölkəsi olan Bosniya və Herseqovina Federasiyasında Azərbaycan səfirliyinin yaradılması ölkəmiz tərəfindən müsəlman aləminə, eyni zamanda, Şərqi Avropada inkişafda olan ölkələrin xalqlarına, habelə Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən dəyərin təcəssümü və böyük bir töhfədir.
M.Əfəndiyev vurğulayıb ki, Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr artan dinamika ilə uğurla inkişaf etməkdədir. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevralında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb, həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik Memorial Kompleks yaradılıb. Eyni zamanda, ağır pandemiya günlərində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tərəfindən dost Bosniya və Herseqovinaya humanitar yardım göstərilib.
Qarşılıqlı olaraq Bosniya və Herseqovina siyasətçilərinin də Azərbaycanla bağlı ədalətli fikirləri hər zaman beynəlxalq arenada, Avropa institutlarında diqqətlə izlənilib.
İkinci Qarabağ - Vətən müharibəsi zamanı Bosniya və Herseqovina ölkəmizə xüsusi dəstəyini ifadə edib. Belə ki, Bosniyanın Demokratik Hərəkət Partiyası, Parlament Assambleyasının Xalqlar Palatası Kollegiyası ölkəmizə dəstək ifadə edən bəyanatla çıxış ediblər. Rəyasət Heyətinin üzvü Şefik Caferoviç tərəfindən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlanıb, Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri xanım Bisera Turkoviç xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
“Bosniya və Herseqovinada Azərbaycanın səfirliyinin açılması bir daha ölkələrimiz arasında əməkdaşlığın intensivləşməsinə, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına təkan verəcəkdir”, - deyə M.Əfəndiyev qeyd edib.