Mikrobiologiya İnstitutunun illik fəaliyyəti müzakirə olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Mikrobiologiya İnstitutunun elmi şurasının akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Mikrobiologiya İnstitutunun 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat müzakirə edilib.
Elmi müəssisənin direktoru vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində akademiyaya tapşırılan işlərin icrasında Mikrobiologiya İnstitutu fəal iştirak edib. Cari ildə 2 problem 7 mövzunu əhatə edən 7 işin 19 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif bölgələrində su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib.
Nəzərə çatdırılıb ki, institutda üç şöbə və yeddi laboratoriya fəaliyyət göstərir. Müəssisə əməkdaşlarının fəaliyyəti koronavirus pandemiyasına baxmayaraq, nəzərdə tutulan plana uyğun yerinə yetirilib, bir neçə təsərrüfat hesablı müqavilə üzrə tədqiqatlar aparılıb.
P.Muradov institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, dərc edilmiş elmi əsərlər, kadr hazırlığı, qrant layihələri, problemlər və perspektivlər haqqında da məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Hesabatın müzakirəsində akademiklər İradə Hüseynova, Validə Əlizadə, akademiyanın müxbir üzvləri Zeynal Əkpərov, Novruz Quliyev və digərləri çıxış edərək institut kollektivinin il ərzində apardığı işi məqbul hesab ediblər.
Sonda akademik İradə Hüseynova Mikrobiologiya İnstitutunun fəaliyyətinin qənaətbəxş hesab edildiyini bildirib.