MİLLƏT VƏKİLİ CAVİD QURBANOV AZƏRBAYCAN ŞAOLİN FEDERASİYASININ PREZİDENTİ SEÇİLMİŞDİR
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Azərbaycan Şaolin Federasiyasının növbəti hesabat-seçki yığıncağı keçirilmişdir.
Federasiyanın idarə heyətinin sədri, respublikanın əməkdar məşqçisi Rafiq Əliyev hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülən işlər, əldə edilən uğurlar, xüsusən bu ilin may ayında Misirdə şaolin döyüş sənəti üzrə keçirilən dünya çempionatında Azərbaycan idmançılarının nailiyyətləri barədə danışmışdır. 27 ölkənin iştirak etdiyi bu mötəbər yarışda Azərbaycan şaolinçiləri ikinci yeri tutmuşlar.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər dünya çempionları Asif Sayadov, Rauf Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Cəbrayıl Həsənov və başqaları Azərbaycanın uğurlu sosial iqtisadi inkişafından, idmana göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətindən, idmançıların sosial problemlərinin həllinin önə çəkilməsindən, ölkə idmanının beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasından danışmışlar. Bütövlükdə hesabat dövründə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Toplantıda federasiyanın rəhbər orqanlarının seçkisi keçirilmişdir. Millət vəkili Cavid Qurbanov yekdilliklə federasiyanın prezidenti seçilmişdir.
Şaolin idman federasiyası 2008-ci ilin mart ayında yaradılmışdır. Təsisçiləri «Dəmir yumruq», «Murovdağ» və «Şaolinçuan» idman klublarıdır. Hazırda federasiyanın Bakıda və müxtəlif bölgələrdə 1000-dən artıq üzvü vardır. Federasiya ilk dəfə olaraq respublika çempionatını bu il mayın 9-da keçirmişdir. İlk böyük beynəlxalq uğuru isə bu il mayın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçirilən yarışda qazanmışdır. Həmin yarışda 15 nəfər idmançı ilə çıxış edən Azərbaycan milli yığması 10 qızıl və 5 gümüş medalla 2-ci yerə sahib olmuşdur.