İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasının komandası “TEKNOFEST Azərbaycan” festivalında iki müsabiqə üzrə birinci yeri tutub
Bakı, 28 may, AZƏRTAC
Milli Aviasiya Akademiyasının "MockingJay" komandası “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən iki müsabiqə üzrə birinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, akademiya Pilotsuz Uçuş Aparatları (PUA) və “Planer” müsabiqələrində B kateqoriyası (tələbələr arasında) üzrə birinciliyi qazanıb.
Qeyd edək ki, PUA müsabiqəsində tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan yaradır.
Müsabiqənin şərtlərinə əsasən qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirməlidirlər.
“Planer” müsabiqəsi çərçivəsində isə azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” planer modelinin hazırlanmasında yaxından iştirak ediblər.
Modelin hazırlanması zamanı tələbələr təyyarə və hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq ediblər.